(Adsız yazı..)

Январь 7, 2010

Yaponların belə bir misalı var: Bildin-bilmədin danış, səhv olsan da nitqin açılar. Hər sözünüz kimi bununla da razıyam. Amma mənim haqda növbəti təsəvvürlərinizi sərrast nitqə qurban verə bilmərəm. Onsuz da məni sadəcə görmək istədiyiniz kimi görürsünüz.

Stop! Ən başdan!

Yaponların belə bir misalı var: Bildin-bilmədin danış, səhv olsan da nitqin açılar. Razıyam!

Bununla bütün səhvlərimi sığortaladım. Günahlarım təkmilləşdirmək istədiyim nitqimin boynuna. Mən təmizəm, süddən çıxmış ağ qaşıq. Günah nədir bilmirəm, sadəcə edirəm. Gələcəyimiz gənclərin əlində. Əlimiz qan yuyur. Biz qan qusuruq. Sol çiynimdə məskunlaşmış mələklə başım dərddə. Sözümüz heç tutmur. Ən kiçik səhvdə belə güzəştə getmir. Günahlarımı ən dərinə həkk edib qanlı ülgüclə. Belim çöküb, ağrı iliklərimə kimi işləyir. Rüşvət təklifimi qəbul edər deyə çox ümid edirəm. Girov qoyduğum cismimin qarşılığında çıxardığım ruhumu bağlamada ona təklif edəcəm. Şeytanla çox yaxın əlaqəm var. Onu var dövlət içində yaşadaram, qələmini yerə qoysun. Tab gətirə bilmərəm. Fəaliyyətini dayandırmış qəlbimi ona verəcəm. Söz! Bütün müasir standartlara cavab verir. Yaralarla hissiyyatını itirmiş daş parçası. İçində məni məhv edən sirrlərim basdırılıb.  Ya da… Ya da təmiz bir səhifə açsın. Hər sətrin halallığını alaraq yaşayım.

Bir təbəssümə möhtacam. Amma bunu sən etmə! Sənin o zülmət gözlərin, mənim hələ doğulmamış qığılcımımı özündə məhv edər. İndi mən azadlığımın qandallı məhkumu. Qiyamətə hazırla dilini: Hazırladım gözlərimi. Onlar ən çox əzab çəkənlər olacaq. Gəl səninlə son dəfə divara qanla adımızı yazaq. Qan qovuşmaqdı. Sonra aysberqə söykənib günəşə həsrət qalan çiçəklər kimi qucaqlaşaq. Uzanan zülmətli yolun sonundakı ümid işığını gözləyək. Mən sözləri deyim, sən cümlə qur. Bitmiş hər fikirdə EVRİKA! Tut əllərimi, isit soyuq təbəssümünlə. SON GÜNAHIM OL!

Mənə yatmadığım gecələrin bu qədər uzun olduğu barədə heç nə deməmişdilər. Bu uzun gecəni sənə həsr etdim. Varlığını qulağı kar edən sükutla andım. Mənə qalan yenə yoxluğun oldu. Səni təsvir etmir heç bir söz. Sən beynimdə tamamlanmış cümləsən. Sənsizliyin səsinə bilinməyən notlardan mahnı bəstələdim. Hər sükutda məni dinlə. Qaranlığıma qonaq ol. Sənə qanımla bir fincan göz yaşı təklif edəcəm. Damarlarımın dadına baxarsan. İlan zəhərli xüsusi resseptlə hazırlanmış qara qanım, qaranlığında susuzluğunu söndürər. Mənim ilham pərim, sadəcə səni təsvir edə bilmədim kağız üstündə. Qələm acıiz gözlərin önündə. Mən yaponlaşmağı çox sevdim. Hər gün keçirdiyim adi hisslər vərəq üzərində çox qəribə görsənir. Məni narahat etmir nə qrammatik, nə orfoqrafik səhvlər. Yazdığım ən düzgün cümləmsən, vurğusu qəlbimə düşən. Tələffüzündə əziyyət çəkdiyim ən azad sözümsən. Bir bina… Ən yüksək hissəsində durub sənə hisslərimi qışqıracam. Hər kəs: Dəlidir! desin. Səni dəli kimi sevirəm, hər kəs bilsin. Mən fırtınasına insanları hazırlayan sakit dəniz, mən qələmə əsir əllərimin tamamlanmamış əsəri. Mənim ünvansız cümlələrimin sahibi, işğal edə bilmədiyin tək ərazin mən oldum. Sənə hasarlı hisslərlə bağlandım. Sən mənim hər dəfə təkrarlanan nəqarətimsən. Başqa dillərdə səslənsən də.

Növbəti gün işığında gözlərimə çökdü qaranlığın. Günəşi birgə seyr etdiyimiz ilk səhər. Sən yenə zülmətlə yox olacaqsan, mən yenə tək qalacam. Növbəti ünvanın qəlbim olsun. Orda günəşin doğması imkansızdır. Qarış qaranlığıma! MƏNİM OL! Fahişə ruhum hər gecə bir dərdlə yatmaqdan yoruldu. SON DƏRDİM OL! Növbəti səhər yuxulu gözlər, yorğun bədən, son damcıları vərəqə qanla tökülən qələm, sətirlərə boğulan vərəq, ipdən asılmış bir qızıgül və kobud əllər… (Mənim təkliyim yenə dönəcək…)

(Ayla)

Məni dəyişdirən yeganə insan.. Mən kiməm? sualına canlı nümunəsən sən.. Öyrənməyə davam edirəm səndə özümü.. Sənə rast gəldiyim günə lənət etsəm də, səndən ayrılacağım günə minnətdar olmayacam.. Ruhuma hopmuş maddi hiss, kir.. Sən yumaqdan qorxduğum günahsan, sən gözyaşlarısan, amma gülmək istəmirəm, silmək də.. Sanki cismimə qızmar dəmir basılır, amma mənə bu ağrı xoşdur, sən mənim xoş əzabımsan.. Bilirəm, mənə sona kimi əzab verib tək qoyacaqsan, amma nə edim ki, hətta bu əzab üçün belə darıxacağıma əminəm.. Sevgiyə gülən mənliyim səni sevdiyinə məmnun deyil, amma yaşadıqlarına məmnundur.. Sən mənim ən qəribə hissimsən.. İnsanlara nifrət etsəm də, səni tanımaq istəyirəm.. Səni tanıdıqca özümü dərk edirəm mən.. Mən gözəl cümlələr qura bilmirəm, sadəcə hisslərimi təsvir edirəm, bilirəm, mənim yanımda darıxırsan, çünki dilim barmaqlarım qədər səmimi deyil.. Susduğum hər anın hissləri içimdə boğulur.. Məni anlayacaq qədər ağıllısan bəlkə də, bəlkə də səninçün o qədər maraqsızdır ki, anlamağa çalışmırsan belə.. Qarşıma çıxan hər insan məni səndən uzaq tutmağa çalışır.. Onları dinləyib öz bildiyimi etməyə öyrəşdim mən.. Məni səndən çox sevdiyini iddia edən hər kəs məni mənim olmayan səninlə tək qoyub getdi.. Hər kəs tərk etdi.. Bəziləri çox istədiyini iddia edərək sildi məni, bəziləri artıq sevginin bitdiyini dedi və getdi.. Mənə qalan bir sən oldun, bir də sənsizliyim.. Səni mənim olmayaraq yaşamağı öyrəndim mən, öyrəşdim səni sənsiz yaşamağa.. Bəlkə bir gün mənim olarsan… – Həyatımda inandığım ən böyük yalandır bu!! Sən mənim ən çox inandığım yalanım oldun.. Mən ilk sevgimi özümə tabe etmişdim, amma sən məni özünə tabe edəcək qədər güclü oldun.. Belə olacağını bilsəydim… – Məncə yenə sevərdim.. Göz yaşlarını sevdim, onlar səninlə olduqca sən nə yalançısan, nə ikiüzlü.. Ən çox nifrət etdiyim sevgimsən, ən təmiz fahişəm, sən ən müqəddəs şeytansan – Bunu bilirsən.. Hər dəfə sənə aid cümlələrimin və ya sözlərimin sonunda “m” hərfi yazanda qorxuram ki, buna əsəbləşərsən, çoxdannan yazdığın cümləni hələ də unutmadım: Mən sənin deyiləm.. Mən tamamlayım: Olmayacaqsan da.. Sadəcə mən səni özümdə yaşadığım üçün, mənim olduğunu təsvir edirəm.. Ümid sənə sevgimin yanında acizdir, ümidsizəm.. Mənim Allahdan diləyim belə deyilsən, bilmirəm, səni yaşamağa hazıram yoxsa, yox, çünki mən sənsizliyə o qədər bağlandım ki, səni özümlə təsvir edə bilmirəm.. Günahlarımla yoluma davam edirəm, sən yanımda mənə çox uzaqsan.. Sən mənim mələk qanadlı şeytanım, sən ən haqlı yalançım.. Zülmətimin ümidi oldu bu sevgi, amma ümid verə bilmədi.. Gözlərim yaşararkən yanımda olmadın, bir xoş söz belə demədin, dinləmədin də, bizi birləşdirən heç nə yoxdur, amma bu yoxluq mənə o qədər doğmadır ki.. Sən MƏNİM OL!! deməyə qorxduğum hissimsən, səni yaşamadım, amma səni kənardan müşahidə etmək, digərlərinin yaşadıqları sevgilərdən daha çox zövq verirdi.. Mən insanların yaşadıqları sevgilərə gülürəm, mənim üçün sevgi mahnıları mənasız və gülməlidir, romanları oxumaq maraqsızdır, çünki heç bir mahnı, kitab və insan sənə olan hissimi izah etməz.. Sənə yazdıqlarım səni maraqlandırmasa, belə onları oxuduğun zaman xoşbəxtəm, axı mən lal insanam. Yazıların qəlbim, gözlərim ruhumdur.. Hə, gözlərim.. Saf qalan tək onlardır bu boş bədəndə.. Səni sevsəm də, sevgim ölsə də, səni özümdə öldürməyəcəyəm.. Səni qəlbimdən çıxarıb ruhuma dəfn edəcəm, mən sənin içində ölüb orada dəfn olunacam.. Bağışlayın, amma mən heç kimin olmayacam..

(NUR)

Добавить комментарий

Fill in your details below or click an icon to log in:

Логотип WordPress.com

You are commenting using your WordPress.com account. Log Out / Изменить )

Фотография Twitter

You are commenting using your Twitter account. Log Out / Изменить )

Фотография Facebook

You are commenting using your Facebook account. Log Out / Изменить )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.